Narıncı rəngli “qara qutu”

Kürşad

Bəlkə də, belə olması yaxşıdır. “Qarabağ”ın “Rusenborq”u Bakıda məğlub etməklə start verdiyi uğurlu avrokubok macərasında qarşılaşdığı ən sıradan komandalardan olan “Linfild”ə Belfastda uduzmasında yaxşı nələrsə tapmaq olar.

Məsələn, “köhlən atlar” başa düşdülər (buna ümid edək) ki, rəqib kim olursa olsun, ona qarşı mübarizə aparmaq lazımdır. Hə, ümid edək ki, Belfastdakı oyun və nəticə Ağdam komandası üçün bu isti yay günlərində əsl soyuq duş effekti yaradacaq.

Müasir futbol nə ötən əsrin 50-ci, nə də 90-cı illərinin futboluna bənzəmir. İndiki futbolda komandanın heyətində Pele, Maradona, Messi olsa da, bu, qələbə üçün yetərli deyil. Həmin Messili “Barselona” Çempionlar Liqasının son mövsümündə “Liverpul”dan heyət, ustalıq, təcrübə baxımından güclü idi ki, zəif deyildi. Amma bu iki komanda arasında qalibi nə ustalıq, nə heyətin gücü, nə də təcrübə həll etdi. “Barselona” – “Liverpul” oyunlarının taleyində əsas rolu əzmkarlıq, inam, mübarizə oynadı. Bir də, “Barselona”nın ilk oyunun nəticəsinə olan arxayınlığı.

“Qarabağ” da “Linfild” qarşısına arxayın çıxmışdı. Tələbə bütün sualların cavablarını öyrənib, imtahana arxayın getdiyi kimi. Amma tərs suallar həmişə olur, əfəndilər, məktəb, universitet imtahanlarında da, həyatın imtahanında da. “Linfild”in “köhlən atlar”a verdiyi o tərs suala –  “biz sizi standart vəziyyətlərdən vurulan qollarla məğlub etməyə çalışsaq, cavabınız nə olacaq” sualına Qurban Qurbanov və komandası cavab tapa bilmədi. Cavabın yoxdursa, “imtahan”dan kəsilirsən.

İrlandiya futbolu Şimali İrlandiyanı bir az geridə qoyur, “Dandalk”ı asanlıqla keçdinsə, “Linfild”i də keçərsən – bizdə, az qala hamıda ümumi yanaşma belə idi. Təyyarələrdə olan qutulara “qara qutu” deyilirsə, bu o demək deyil ki, həmin qutu doğrudan da, qara rəngdədir, o qutular narıncı, bəzən də qırmızı rəngdə olur… “Qarabağ” Belfastda “qara qutu” axtarırdı…

Riçard Almeydanın, Ayltonun, Ozobiçin olmaması “Linfild”lə görüşdə nəticəyə təsir edən amillərdən idimi? Bir az, amma sadəcə, bir az. Sən topla rəqib qapısının dirəklərini sayırsansa, ələ düşən fürsətlərdən istifadə edə bilmirsənsə, həmin oyuna tam heyətlə çıxsan nə olacaq, çıxmasan nə olacaq?

“Qarabağ” “Linfildi”i keçməlidir, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmalıdır. Amma artıq hədəf Avropa Liqasının qrup mərhələsi də olmamalıdır, qrup mərhələsindən daha uzaqlara boylanmaq zamanıdır. Bunun üçün isə mübarizə aparmaq, döyüşmək, meydanda can qoymaq lazımdır.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button