Namik Ələskərov “Bursaspor”un məşqində iştirak etmədi

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyənin “Bursaspor” komandasının məşqinə çıxmayıb.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “timsahlar” “Bandırmaspor”a 2:4 hesabı ilə uduzduqları 1-ci liqanın 37-ci turunun oyunundan sonra hazırlıqları bərpa edib. Amma komandanın legionerləri məşqdə iştirak etməyiblər.

Onların klubu xəbərdar etmədən bu addımı atdıqları bildirilir.

“Bandırmaspor”la görüşdən sonra azarkeşlərin hücumuna məruz qalan kapitan Burak Altıparmak hazırlıq prosesindən kənarda qalıb.

Aşağı liqaya düşən komandada son turdan əvvəl yalnız 10 gənc oyunçu məşqə qatılıb.

“Bursaspor” 35 oyundan sonra 41 xalla 16-cı pillədə qərarlaşıb və komandanın sona bir tur qalmış aşağı liqaya düşəcəyi dəqiqləşib.

Komanda sonuncu turda, mayın 21-də “Menemenspor”u qəbul edəcək. Legionerlər 2-ci liqada oynaya bilməyəcəklərindən, Namik Ələskərov “Bursaspor”u tərk etməli olacaq.