Nağıyev üçün 90 dəqiqə və 1 xal

Futbol üzrə Moldova çempionatında 20-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq üzvü Dmitri Nağıyevin formasını geyindiyi “Dinamo-Avto” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Petrokub”la qarşılaşıb. Nağıyevin komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Millimizin sabiq müdafiəçisi də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Cari mövsümdə bir qola imza atan Dmitri bu dəfə fərqlənə bilməyib.

Moldova çempionatındakı digər azərbaycanlı futbolçu – Amit Quluzadənin formasını geyindiyi “Milsami” də növbəti matçını keçirib. Bu kollektiv isə səfərdə “Buyukani” ilə qolsuz heç-heçəyə razılaşıb. Amitin adı bu qarşılaşmanın iştirak ərizəsinə daxil edilməyib.

20 turdan sonra 28 xalı olan “Dinamo-Avto” 10 kollektiv arasında 5-ci, “Milsami” isə 38 xalla 3-cü pillədə qərarlaşıb.