“Nə dəyişilməlidirsə, bununla bağlı siyahı hazırlayıb Stuxlikə göndərəcəyik” – Müsahibə

“Bu gün Hakimlər Komitəsinin sədri Fritz Stuxlik də iclasa qatılmışdı. Əsas məsələ hakimliklə bağlı idi. Bildiyiniz kimi, son vaxtlar bəzi klublarımız oyun qaydalarına görə yox, administrativ məsələlərə görə cərimələnib. Hakimlərin otağında çatışmayan ləvazimatlara görə cərimələr olub. Daha çox bu barədə söhbət oldu. Eyni zamanda ümumi hakimliklə bağlı müzakirələr oldu”.

Komanda.az xəbər verir ki, bunu AFFA Klublar Komitəsinə yeni sədr seçilən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev deyib. Yeni sədr daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Oyunlarınızın protokolunda ən xırda məsələlərə görə də cərimələr yazılıb. Məsələn, topdaşıyan uşaqların oyun zamanı topla artıq hərəkət etmələri və s. Bunları müzakirə etdinizmi?

– Bəli, əsas müzakirə mövzusu da bunlar idi. Ən çox suallar bununla bağlı verildi.

– Bəs hakimlərin meydanda verdiyi qərarlar müzakirə olunmadı? Elə siz özünüz də son matçda narazı qalmışdız…

– Mənim fikrim belədir ki, biz hakim yox, öz səhvlərimizə görə uduzmuşuq. Bugünkü iclasda hakim səhvləri barədə danışmadıq.

– Bu etirazlara Fritz Stuxlikin cavabı nə oldu?

– Bəzi məsələlərdə o da bizimlə razılaşdı. Qərara gəldik ki, klubların fikrincə, nə dəyişilməlidirsə, bununla bağlı siyahı hazırlayıb Stuxlikə göndərək.

– Klublar Komitəsinin sədri olacağınızı gözləyirdizmi?

– Həmişəki kimi, səsvermə oldu və mən seçildim. Qərara gəldik ki, növbəti iclas martın 12-də keçirilsin.

– Qurum yeni yarananda hər ay yığışırdısa, son vaxtlar gec-gec bir araya gəlirsiz. Sizin sədrliyiniz dövründə necə olacaq?

– Qeyd etdiyim kimi, növbəti iclasımız gələn aydır. Çalışacağıq ki, tez-tez görüşək, müxtəlif məsələləri müzakirə edək. Açıq məsələlər çoxdur və onları danışmaq lazımdır. Artıq mövsümün ən qızğın vaxtıdır. Bütün klubların başı oyunlara qarışıb. Amma yenə də imkan daxilində tez-tez görüşməyə çalışacağıq.

– Qurumun işini daha da canlandırmaq üçün hansı prioritetləri nəzərdə tutmusuz?

– Əlimizdən gələni edəcəyik ki, daha da fəal olaq, Premyer Liqanın işindən daha da yaxından iştirak edək. Məsələlər çoxdur, onları danışmaq, imkan daxilində həll etmək lazımdır.

CBC Sport yayım hüququna sahib çıxanda klublara ödənişin ediləcəyi qərara alınmışdı. Lakin ödəniş hələ də olunmayıb…

– Bu məsələyə növbəti iclasımızda baxılacaq. Bugünkü iclasda isə AFFA Hakimlər Komitəsinin sədri Fritz Stuxliklə hakimlik məsələləri ilə bağlı danışdıq və sədr seçkisi keçirildi. Növbəti iclasda isə digər məsələlərlə bağlı danışacağıq. (Report)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button