“Mançester Yunayted”də ağır itkilər – “Liverpul”la oyundan əvvəl

İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində “Liverpul”la qarşılaşacaq “Mançester Yunayted” bu oyuna itkilərlə çıxacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın üç futbolçusu – Skott Maktominey, Markos Roxo və bir müddət əvvəl əməliyyat olunan Pol Poqba bu qarşılaşmada forma geyinə bilməyəcək. Zədəsini yeni sağaldan Erik Bayi və Luk Şounun “Liverpul”a qarşı çıxış edib-etməyəcəkləri məlum deyil.

Komandanın baş məşqçisi Ole-Qunner Sulşer İngiltərə Federasiya kubokunun 1/32 final mərhələsinin “Vulverhempton”la cavab qarşılaşmasında (1:0) zədələnən Markus Reşfordla bağlı isə bunları deyib:

“Onunla bağlı hazırda nəsə deyə bilmərəm. Bu gün bir daha müayinə olunacaq. “Liverpul”la oyuna hazır olmayacağını düşünürdüm, amma 48 saatdan çox vaxtımız var. Onun vəziyyəti hələ dəqiq deyil”.

“Liverpul” – “Mançester Yunayted” oyunu yanvarın 19-da, saat 20:30-da start götürəcək.