Murad Musayev: “Onların meydanda qaçmamalarının səbəbkarı bizik”

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çox parlaq ilk yarı izlədik. Meydanın hər tərəfində basqı qura, kombinasiyalı oyun sərgiləyə, yaxşı qollar vura bildik. Lakin ikinci hissədə ilk yarıdakı intensiv futbolu davam etdirə bilmədik. Bu vəziyyətdə xarakter və intizam göstərmək lazım idi. Nəticədə azarkeşlərin də dəstəyi ilə qələbə qazandıq. Qələbəni onlara həsr edirik.

Fasilədə futbolçulara sanki meydana heç-heçə imiş kimi çıxacağımızı dedim. Fasilə ərəfəsində yüklənmə olmasa, bu nəticəni əldə edə bilmərik. Futbolçularımın məşqə yanaşmaları və oyunlara köklənmələrindən razıyam. Get-gedə yaxşı oluruq. Qarşıda görüləsi çox iş var, dayanmaq olmaz.

Qış fasiləsində heyəti gücləndirməklə bağlı suala cavab verməyə hələ hazır deyiləm. Hazırda qarşıdakı oyunları düşünürük. Özümü əvvəlki baş məşqçi ilə müqayisə etmək istəmirəm. Bu, düzgün deyil. Mən yalnız özümdən danışa bilərəm.

Coy-Lens Mikelsin meydana çıxmaması dizində problemlərinin olmasıyla bağlıdır. Mikelsə iynə vurulub, İki gün vaxta ehtiyacı var.

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov futbolçularının meydanda qaçmadığını deyir? Qurbanov belə düşünürsə, deməli, biz onları məcbur etdik və meydanda qaçmamalarının səbəbkarı bizik”.