Yenə “Zirə”, yenə rumınlar

Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Zirə” ikinci yoxlama oyununu keçirəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, “qartallar” yanvarın 16-da Rumıniyanın “Sepsi” klubu ilə üz-üzə gələcək. Qəsəbə təmsilçisi bu ölkədən olan komandalarla indiyədək 2 rəsmi, 5 qeyri-rəsmi matçda üz-üzə gəlib.

Yoxlama oyunlarının hamısı Türkiyə toplanışları çərçivəsində təşkil olunub.
2015-ci ilin qışında “Tırqu Mureş”ə 1:0 hesabı ilə qalib gələn “Zirə”nin qələbə qolunu Luiz Alberto Diez vurub. İlyarım sonra – 2017-ci ilin yayında “Vitorul”la qarşılaşan “qartallar” 1:2 hesabı ilə uduzub. “Zirə”də Orxan Əliyev fərqlənib.

Son iki qış fasiləsində “Voluntari” sınaqçı rəqib olub. “Zirə” hər iki görüşdə rumıniyalılara qalib gəlib. 2018-ci ildə 2:0 hesablı qələbə Elşən Abdullayevlə Vüsal İsgəndərlinin qolları ilə gerçəkləşib. Ötən il isə Pərdis Fərcad-Azadın qolu həlledici olub. 2019-cu ildə “Zirə” daha bir dəfə bu ölkə təmsilçisi ilə görüşüb. Yayda “Konkordiya”ya qarşı keçirilən görüşdə qol vurulmayıb. Beləliklə, 5 yoxlama oyununda 3 qələbəsi olan “qartallar” 1 heç-heçə edib və 1 dəfə uduzub. Beş qol vuran “Zirə”lilər 2 top buraxıblar.

“Zirə” Avropa Liqasında mübarizə apardığı 2017/18 mövsümündə də Rumıniya klubu ilə üz-üzə gəlib. 2-ci təsnifat mərhələsinin “Astra” ilə səfər qarşılaşmasında 1:3 hesabı ilə uduzan “qartallar”, evdə qolsuz heç-heçə edib. Yeganə qola Rəşad Sadiqov imza atıb.

“Zirə” Antalya toplanışında ilk yoxlama oyununda Türkiyə təmsilçisi “Ümraniyəspor”a 0:3 hesabı ilə uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button