“Azərbaycan millisi buraya 3 xal üçün gələcək” – Monteneqronun baş məşqçisi

Monteneqro milli komandasının baş məşqçisi Faruk Hacibeqiç Latviya ilə keçirdikləri yoxlama oyunundan sonra yerli mətbuata açıqlama verib.

Komanda.az “vijesti.me” saytına istinadən xəbər verir ki, Hacibeqiç, 1:1 hesabıyla bitən görüş haqda bunları deyib:

“Uşaqları tərifləməliyəm, çox çətin şəraitdə əllərindən gələni etdilər. İlk hissədə həm yağış bizə problem oldu, həm də rəqibin oyun tərzi. Görünən o idi ki, Latviya oyuna erkən uyğunlaşdı. İkinci hissədə etdiyimiz dəyişikliklərdən sonra komanda özünə gəldi və bərabərlik qolunu vura bildik. Buna görə də futbolçularımı təbrik edirəm”.

Hacibeqiç, Millətlər Liqasında Azərbaycanla qarşılaşacaqları oyunlar haqda da danışıb:

“Bəlkə də, azərbaycanlılar daha az oyun keçirdikləri üçün diri olacaqlar. Buna baxmayaraq, rəqibi yaxşı təhlil etmişik və bütün diqqətimiz bu oyundadır, buraya kimlərin gələcəyini bilirik. Onlar Lüksemburqa 10 nəfərlə qol vurdular, səfərdə də Kipri məğlub etdilər. Azərbaycan millisi buraya 3 xal üçün gələcək. Fiziki olaraq latviyalılara bənzəsələr də, topla daha çox oynamağa üstünlük verirlər”.

Monteneqro – Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.