“Norveçlilərin mövqeyi ədalətsizdir və bu, bərabərlik prinsiplərinin pozulmasıdır” AÇIQLAMA

“Molde” klubunun “Qarabağ”la Çempionlar Liqası matçından sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətinin cavabsız qaldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, Norveç hökumətinin “Molde”nin Bakı səfərindən qayıtdıqdan sonra 10 günlük karantinə alınmamasıyla bağlı müraciətini cavabsız qoyması qarşılaşmanın neytral meydanda keçirilmə ehtimalını artırıb. Bununla bağlı “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla danışdıq. İbrahimov, məsələ ilə bağlı hazırda rəsmi bir şeyin olmadığını bildirdi:

“Biz bunu rəsmi mənbə kimi qəbul etmirik. Ümumiyyətlə, bu haqda bizə nəsə məlumat daxil olmadığı üçün biz də bunları mətbuatdan oxumaq məcburiyyətindəyik. Bizim bu məsələyə olan münasibətimiz çox sərtdir. UEFA-nın bərabərlik prinsipinə riayət olunmasını istəyirik. Norveçlilərin mövqeyi ədalətsizdir və bu bərabərlik prinsiplərinin pozulmasıdır. Çünki onlar UEFA-nın bərabərlik qaydalarını pozurlar. Hazırda gözləmə mövqeyindəyik”.

Klub rəsmisi, “Qarabağ” – “Molde” matçıyla bağlı yekun qərarın veriləcəyi vaxtı da deyərək, oyunun neytral meydanda olacağı halda, seçim şansının Norveçdə olduğunu bildirdi:

“Bizə deyiblər ki, bu gün, ya da sabah oyunun keçirilmə yeriylə bağlı dəqiq cavab veriləcək. Neytral meydan seçmək məsələsini düşünmürük. Çünki inanırıq ki, “Molde”ni Bakıda qəbul edəcəyik. Neytral meydan olsa, hazırda variantlar arasında onlara uyğun olan Macarıstandır ki, norveçlilər bu ölkəyə gedib-gələndə karantində qalmırlar”.

“Qarabağ” – “Molde” matçı sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməlidir. Lakin “Molde” rəhbərliyi Norveçdə Şengen zonası ölkələrindən qayıtdıqdan sonra 10 günlük karantinə alınma qaydasının tətbiq olunacağını əsas gətirərək, matçın neytral ölkədə təşkilini təklif edib. “Qarabağ” klubu bununla razılaşmayıb. Yekun qərarı UEFA verəcək.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button