Azərbaycan millisinin futbolçusu baş məşqçisiz qaldı

Türkiyənin “Girəsunspor” klubu baş məşqçisi Kemal Kılıçla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə TFF 1-ci liqada mübarizə aparan klubun mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökcünün formasını geyindiyi bu komanda 1-ci liqanın 29-cu turu çərçivəsində sonuncu pillədə qərarlaşmış “Karabükspor”un qonağı olub. Futbolçumuzun komandası cari mövsümdə cəmi iki heç-heçəyə imza atmış, artıq aşağı liqaya düşəcəyi dəqiqləşmiş, 13 oyundu ardıcıl məğlubiyyətlə üzləşən bu rəqiblə görüşdə qolsuz heç-heçəyə razılaşıb. Məhz bu nəticədən sonra klub rəhbərliyi Kılıçı istefaya göndərməyə qərar verib.

Xatırladaq ki, K.Kılıç bu mövsüm “Girəsunspor”un “sükanı arxası”na gətirilmiş dördüncü məşqçi idi. O, 21-ci turdan etibarən komandaya rəhbərlik edirdi. Bu müddətdə Girəsun təmsilçisini 9 oyuna çıxaran mütəxəssis, cəmi 1 qələbəyə sevindiyi halda, 5 heç-heçə və 3 məğlubiyyət görüb.

“Girəsunspor” 29 turdan sonra 29 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.