Milli üzvü “Sumqayıt”la vidalaşdı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov “Sumqayıt”dan ayrılıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı futbolçu bunu sosial şəbəkə hesabında paylaşdığı yazı ilə açıqlayıb:

“Çətin olsa da, deməliyəm ki, 2 ildir uğurları üçün çalışdığım “Sumqayıt” klubundan ayrılıram. Burda yaxşı nəticələr qazandıq. Klubda çalışan hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. İnşallah, yollarımız yenidən kəsişər”.

Tellur Mütəllimov 2020-ci ilin yayından “Sumqayıt”da çıxış edirdi. Sol cinah müdafiəçisi cari mövsümdə “kimyaçılar”ın heyətində meydana çıxdığı 27 oyunda 1 qol vurub.

Sonda onu da xatırladaq ki, Mütəllimov karyerasını “Sabah”da davam etdirəcək. Onun yeni klubu ilə yaxın günlərdə rəsmi müqavilə bağlaması gözlənilir.