“Milan” müqaviləsini ləğv etdi, klubsuz qaldı

“Milan” xorvat yarımmüdafiəçisi Alen Haliloviçlə müqaviləyə xitam verib.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı futbolçu ilə sözləşməyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Xorvatiya yığmasının da üzvü olan futbolçuya azad agent statusu verilib.

Qeyd edək ki, Haliloviç 2018-ci ilin yayında azad agent kimi “Milan”a transfer olunmuşdu. Amma o, bu komandada debüt belə etmədən öncə Belçikanın “Standard” (Lyej), geridə qalan mövsümdə isə Niderlandın “Herenven” klubuna icarəyə verilmişdi.

Zaqreb “Dinamo”sunun yetirməsi olan Haliloviç 2014/15 mövsümündə “Barselona”ya transfer olunaraq Kataloniya təmsilçisinin B komandasında çıxış etmişdi. Yarımmüdafiəçi “Milan”a gələnə qədər “Sportinq” (Xixon), “Hamburq” və “Las Palmas” klublarında da forma geyinib.