“Milan” İtaliya çempionu oldu

Futbol üzrə İtaliya A Seriyasında sonuncu – 38-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Roma” Turində “Torino”nun qonağı olub. Paytaxt təmsilçisi səfərdə darmadağınla qalib gəlib və Avropa Liqasına vəsiqə qazanıb.

Şənbə günü dörd qarşılaşma baş tutub. “Cenoa” evdə “Bolonya”ya, “Atalanta” isə “Empoli”yə minimal hesabla uduzub.

Altı qolun qeydə alındığı “Latsio” – “Verona” matçında qalib müəyyənləşməyib. Səfərdə “Fiorentina” ilə qarşılaşan “Yuventus” isə uğursuz mövsümü məğlubiyyətlə tamamlayıb.

Çempionluq mübarizəsinin son tura kimi davam etdiyi A Seriyasında mövsümün ən güclüsünün adına mayın 22-də aydınlıq gəlib. Lider “Milan” səfərdə “Sassuolo” ilə üz-üzə gəlib və 3 cavabsız qolla qalib gələn milanlılar İtaliya çempionu olublar.

“Milan”ın büdrəməsinə ümid edən “İnter” isə evdə “Sampdoriya”nı 3 xavabsız qolla yensə də, ikinci yerlə kifayətlənib. “Napoli” də son turda darmadağına sevinib və mövsümü üçüncü pillədə başa vurub.

Beləliklə, çempion “Milan” və əsas izləyicisi “İnter”lə yanaşı, 3 və 4-cü yerləri tutan “Napoli” ilə “Yuventus” da İtaliyanı UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıblar. 5 və 6-cı yerləri tutan paytaxt təmsilçiləri – “Latsio” ilə “Roma” Avropa Liqasında mübarizə aparacaq. 7-ci olan “Fiorentina”nı isə Avropa Konfrans Liqasında mübarizə gözləyir. “Kalyari” (30 xalla 18-ci), “Cenoa” (28 xalla 19-cu) və “Venesiya” (27 xalla 20-ci) isə A Seriyasını tərk edib.

İtaliya A Seriyası, 38-ci tur

20 may

Torino – Roma 0:3
Qol
: T.Abraham, 33; 42-pen. Pelleqrini, 78-pen.

21 may

Cenoa – Bolonya 0:1
Qol
: Barrou, 66.

Atalanta – Empoli 0:1
Qol
: Ştulaç, 79.

Latsio – Verona 3:3
Qol
: Kabral, 16. Anderson, 29. Pedro, 62 – Simeone, 6. Lasanya, 14. Honqla, 76.

Fiorentina – Yuventus 2:0
Qol
: Dunkan, 45+1. N.Qonzales, 90+2-pen.

22 may

Spetsiya – Napoli 0:3
Qol
: Politano, 4. Zelinski, 25. Demme, 36.

İnter – Sampdoriya 3:0
Qol
: Perişiç, 49. Korrea, 55; 57.

Sassuolo – Milan 0:3
Qol
: Jiru, 17; 32. Kessye, 36.

Venesiya – Kalyari 0:0

Salernitana – Udineze 0:4
Qol
: Deulofeu, 6. Nesterovski, 34. Udoqie, 42. R.Pereyra, 57.

Bombardir: Çiro İmmobile – (Latsio) – 27 qol.