“Messi məğlubiyyəti qəbul edib, sakit, diqqətli və hörmətli olmalıdır”

Amerika kubokunun final oyununda Peru yığmasını 3:1 hesabı ilə məğlub edərək, çempion olan Braziliya milli komandasının baş məşqçisi Tite, Lionel Messiylə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis, Argentinanın Çiliyə 2:1 hesabı ilə qalib gəldiyi matçdan sonra Messinin turnirlə və Braziliya millisi ilə bağlı dediyi sözlərə belə cavab verib:

“Messi məğlubiyyəti qəbul edib, sakit, diqqətli və hörmətli olmalıdır. Bizim Argentina millisi ilə oyunda qazandığımız qələbə təmiz idi. Messinin üzərində təzyiq vardı, amma Argentinaya qarşı haqlı qələbə qazandıq. Çili ilə oyunda isə Messinin meydandan qovulması səhv idi, qırmızı vərəqəyə Qari Medel layiq idi. Bəzi oyunlarda biz də hakim qərarlarından əziyyət çəkmişik.

Messinin sözlərinə haqq vermirəm. Çempion olmaq üçün çox çalışdıq. Onun üzgün olmasını başa düşürəm, amma bu turnirin planlaşdırılmış olması ilə bağlı fikri qəbul etmirəm. Bu çempionluq üçün çox tər tökdük”.

Çili ilə oyundan sonra Messi, “Mükafatlandırma mərasiminə qatılmadım, çünki bu oyunun bir parçası olmaq istəmədim. Bu turnir Braziliya millisinin qazanması üçün təşkil olunub. Ümid edirəm ki, finalda hakimlər çox müdaxilə etməz və Perunun qazanmaq üçün bir şansı olar” demişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button