“Messi insanların Maradonaya göstərdiyi dəstəyin heç 10 faizinə sahib deyil”

Argentinalı sabiq futbolçu Maurisio Pineda “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı sabiq futbolçu, Messinin Argentina millisindəki çıxışına görə tənqid olunması barədə danışıb:

“Messinin özünü yığmada Dieqo Maradona kimi hiss etmədiyini necə deyə bilirlər? O, ildə 80 oyun keçirir. Dünya çempionatının final matçında uduzdu, Amerika kubokunun finalında oynayır. Messi insanların Maradonaya göstərdiyi dəstəyin heç 10 faizinə sahib deyil.

O, dünyanın ən yaxşısı olmağa davam edir. Çempionlar Liqasında “Liverpul”a iki qol vurur, Osman Dembele təkbətək epizodu qaçırır, amma Messi günahlandırılır? Messinin komanda yoldaşı olsaydım, paltardəyişmə otağında ondan üzr istəyərdim”.