Mehdiyevdən Almaniyada qızıl medal

Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub.

Komanda.az xəbər verir ki, milli komandamızın 3 üzvü nüfuzlu turnirdə medala layiq görülüb. Kişilərin mübarizəsində bütün rəqiblərinə qalib gələn Məmmədəli Mehdiyev (90 kq) Düsseldorf turnirini qızıl medalla başa vurub. Cüdoçumuz İsrail, Çin, Dominikan, Kuba, Serbiya və Yaponiya təmsilçilərini məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin iki üzvü – Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) isə bürünc medal qazanıb. Beləliklə, Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də 4 medala sahib olublar. Yarışın ilk günü Rüstəm Orucov (73 kq) bürünc medala layiq görülüb.

Almaniyada keçirilən “Böyük Dəbilqə” turnirində 93 ölkədən 605 cüdoçu mübarizə aparıb. Azərbaycan bu nüfuzlu yarışda 15 idmançı ilə təmsil olunub.