“Medallar uğrunda mübarizə aparacağıq” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, rusiyalı mütəxəssis 3:0 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çempionata başlamaq hər zaman həyəcanlıdır. Oyunun nəticəsindən, futbolçuların yanaşmasından, keyfiyyətdən razı qaldım. Azarkeşlərə təşəkkür edirəm. Bizə yaxşı dəstək oldular.

Rəqib kompakt oynadı. Boş zonalar az idi. İlk hissədə hücumlarımızın əksəriyyəti cinahlardan oldu. Qol vurandan sonra rəqib bir az açıldı. Artıq hücumlarımız mərkəzdən və cinaha yaxın yerlərdən də alınmağa başladı. Belə kombinasiyalı futbolu hər zaman göstərməyə çalışacağıq. “Sumqayıt” pis oynamadı. Bizə çətinliklər yaratdılar. Çox çalışmalıyıq. İlk oyundur. Təriflərdən qaçmaq istəyirəm. 4-5 matçdan sonra nəsə danışmaq olar. “Sumqayıt” çoxlu transfer edib. Düşünürəm ki, onlara qarşı oyunlar çətin olacaq.

Bizə gəlincə, yeni mövsümdə ilk hədəfimiz bir addım irəli getmək və avrokuboklara vəsiqə qazanmaqdır. Bu, minimum tapşırığımızdır. Medallar uğrunda mübarizə aparacağıq”.

O, sarı vərəqə aldığı epizodu şərh edib: “Hakimə təhqiramiz ifadələr işlətmədim. Sanki qərar verməkdə tələsdi. Çünki hücuma çıxırdıq”.

Musayev VAR sistemi ilə bağlı fikirlərinin yanlış anlaşıldığını bildirib:

“Mən ikiəlli VAR-ın tərəfdarıyam. Bu gün çox dayanmalar olmadı. Siz məni səhv anlamısınız”.