“Marakana” da koronavirus xəstəxanasına çevrildi

Rio-de-Janeyronun özündə məşhur “Marakana” stadionunu da birləşdirən idman kompleksi xəstələr üçün müvəqqəti koronavirus hospitalına çevriləcək.

Komanda.az xəbər verir ki, şəhər hakimiyyəti hələ “Marakana”da neçə xəstəxana çarpayısının yerləşdiriləcəyi məsələsini həll etməyib. Həmçinin hospitalın futbol meydanında və ya kompleksin başqa yerində açılacağı da məlum deyil.

Braziliya Səhiyyə Nazirliyinin son məlumatına əsasən, ölkədə infeksiyaya yoluxma hallarının sayı 2,9 mini ötüb, 78 nəfər virusun qurbanı olub.

“Marakana” dünyanın məşhur stadionlarından biridi. Onun açılışı 1950-ci ilin futbol üzrə dünya çempionatına uyğunlaşdırılıb. Burada 2014-cü ildə futbol mundialının finalı keçirilib, həmçinin 2016-cı il Olimpiada oyunlarının açılış və bağlanış mərasimləri “Marakana”da olub.