“Münhen qəhrəmanı” vəfat etdi

“Mançester Yunayted”in və Şimali İrlandiya millisinin sabiq futbolçusu Harri Qreqq vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Keçmiş qapıçı 87 yaşında dünyasını dəyişib.

Harri Qreqq 1957-ci ildə “Mançester Yunayted”ə keçərək dünyanın ən bahalı qapıçısı olmuşdu. Sabiq qapıçı 3 ay sonra “qırmızı şeytanlar”ın futbolçularının, məşçilər heyətinin və digər sərnişinlərin olduğu təyyarə ilə Mançesterə qayıdan zaman qəzaya düşüb.

Qreqq, Münhendə təyyarənin qəzaya uğradığı zaman komanda yoldaşlarından Bobbi Çarlton və Ceki Blançflaueranın və digər sərnişinlərin həyatını xilas etmişdi. Qəza nəticəsində təyyarədə olan 44 nəfərdən 23-ü sağ qalmışdı. Bu hadisədən sonra Harri Qreqq “Münhen qəhrəmanı” kimi tanınmışdı.

Harri Qreqq 1957-1966-cı illərdə “Mançester Yunayted”in formasını geyinib. Qapıçı 1958-ci ildə keçirilən dünya çempionatının ən yaxşı qolkiperi ünvanını qazanıb.