“Mançester Yunayted” 100 milyon avroluq transferə hazırlaşır

İngiltərə Premyer Liqasında mövsümü 6-cı pillədə başa vuran “Mançester Yunayted” transfer hazırlıqlarına start verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, əsas diqqəti müdafiəyə yönəldən “qırmızı şeytanlar”ın ilk hədəfi “Napoli”nin futbolçusu Xalidu Kulibalidir. Neapol təmsilçisinin seneqallı futbolçu üçün 100 milyon avro tələb etdiyi və “Mançester Yunayted”in bu məbləği ödəməyə hazır olduğu bildirilir.

Bu transfer həyata keçərsə, Kulibali dünyanın ən bahalı müdafiəçisi olacaq. Hazırda ən bahalı müdafiəçi “Liverpul”un futbolçusu Vircil van Daykdır. Mersisayd təmsilçisi hollandiyalı futbolçu üçün “Sauthempton”a 85 milyon avro ödəmişdi.

“Napoli” ilə 2023-cü ilədək müqaviləsi olan 27 yaşlı futbolçu, bu mövsüm iştirak etdiyi 47 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.