“Mançester Siti”nin sabiq futbolçusuna ağır cəza

“Mançester Siti”nin sabiq futbolçusu Dikson Etuhu cəzalandırılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi oyun alqı-satqısında iştirak etməkdə ittiham olunur.

Etuhu, AİK-də çıxış edərkən “Göteborq”la matçdan əvvəl rəqib komandanın qapıçısına oyunu satması üçün 160 min funt-sterlinq təklif etmişdi. “Göteborq”un qapıçısı bununla bağlı dərhal polisə məlumat vermiş və oyun baş tutmamışdı. Etuhu polisə izahat verdikdən sonra azadlığa buraxılmışdı.

Məsələ ilə bağlı araşdırmalarını davam etdirən İsveç Futbol Federasiyası Etuhunun danışılmış oyunlarda iştirak etdiyini təsdiqləyib. Federasiya keçmiş futbolçunu 5 illik futbol yarışlarından diskvalifikasiya edib.

“Mançester Siti”nin yetirməsi olan Etuhu, karyerası ərzində “Preston”, “Norviç”, “Fulhem”, “Sanderlend”, AİK kimi klublarda çıxış edib. Keçmiş yarımmüdafiəçi 2017-ci ildə karyerasını bitirib.