“Mançester Siti”ni məğlub etməyin tək yolu bu idi” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 12-ci turunda “Mançester Siti”ni 3:1 hesabıyla məğlub etdikləri oyundan sonra açıqlama verib.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, alman mütəxəssis, futbolçularının çox yaxşı çıxış etdiyini bildirib:

“Bu gün “Mançester Siti” yaxşı çıxış etdi. Ən yaxşı şəkildə müdafiə olunmağa məcbur olduq, amma eyni zamanda, inanılmaz qollar vurduq. Oyun çox gərgin keçdi. Futbolçular oyuna çox yaxşı köklənmişdilər. “Mançester Siti”ni məğlub etməyin tək yolu bu idi.

“Mançester Siti” ilə keçirdiyimiz bütün oyunlar çox yaxşı alınır, keçən mövsüm öz meydanımızda keçirdiyimiz oyun istisna olmaqla. O matç daha ehtiyatlı keçmişdi. Bu, ən yaxşı oyunumuz deyildi, amma bunu bəyəndim”.

52 yaşlı mütəxəssis, “Mançester Siti”nin verilməyən penalti epizodu ilə bağlı da danışıb:

“Bizim ilk qolumuzdən əvvəlki mübahisələri gördüm. Burda əsas problem VAR sistemidir. Mənim üçün isə heç bir problem yoxdur. Bu gecə bu qələbəni qeyd edəcəm”.

Premyer Liqada keçirdiyi 12 turdan sonra xallarının sayını 34-ə çatdıran “Liverpul” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və “Mançester Siti”ni 9 xal qabaqlayır.