Maaşlarının növbəti dəfə azaldılmasını rədd etdilər – “Barselona”nın futbolçuları

İspaniyanın “Barselona” klubunun rəhbərliyi məvaciblərinin azaldılması tələbi ilə yenidən futbolçulara müraciət edib. 

Komanda.az RAC1-ə istinadən xəbər verir ki, “Barsa”nın prezidenti Xosep Mari Bartomeu rədd cavabı alıb. Futbolçular maaşlarının ikinci dəfə azaldılmasına qarşı çıxıblar. Onlar qərarlarını La Liqanın gələn həftə bərpa olunacağı ilə əsaslandırıblar.  

“Barselona”nın futbolçuları son üç ay ərzində maaşlarının 17 faizindən məhrum olub. Bu səbəbdən, klub 40 milyon avrodan çox qənaət edib. 

“Barselona”da daha əvvəl maaşların 70 faiz azaldıldığı bildirilmişdi.

Mart ayında koronavirus pandemiyası səbəbindən dayandırılmış İspaniya La Liqası iyunun 11-də bərpa olunacaq.