“Bu məsələlərə görə Rəşad Sadıqovun üzərinə çox gedirdilər”

Səhvlər futbolun bir parçasıdır, görünən və görünməyən səhvlər. Bəzən baş məşqçinin etdiyi taktiki səhvi azarkeşlər görmür, ya da görməzdən gəlir. Futbolçunun meydanda etdiyi səhv isə hər zaman xatırlanacaqmış kimi hiss etdirir. Xüsusilə, o səhvin ağır nəticəsi olarsa. Koronavirus səbəbiylə mart ayında dayandırılan Çempionlar Liqasının bərpasından sonra da bu cür səhvlə qarşılaşdıq. Turnirin 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Mançester Siti” – “Real” matçında qonaqların futbolçusu Rafael Varan iki kobud səhvlə yadda qaldı. “Şəhərlilər” isə o iki səhvin nəticəsində vurduğu iki qolla 2:1 hesablı qələbə qazandı və növbəti mərhələyə adladı.

Tanınmış futbol azarkeşi İlqar Həmzəyev də Komanda.az-a açıqlamasında bu cür səhvlərə toxundu. Vaxtilə artıq karyerasını bitirən Rəşad Sadıqovun səhvlərə görə tənqid olunduğunu xatırladan Həmzəyev, futboldakı bu cür səhvləri daha təmkinlə qəbul etməyin vacibliyini vurğulayır:

“Dünənki oyunda 27 yaşlı Varan iki kobud səhv etdi və o səhvlər qarşılaşmanın taleyini həll etdi. Bizdə, azərbaycanlı futbolçularda da bu cür səhvlər vaxtilə çox olub, əsas da Rəşad Sadıqov bu cür səhvlərlə gündəmə gəlirdi. Mətbuat, azarkeşlər tərəfindən sosial şəbəkələrdə Rəşada qarşı haqsız aqressiya yaranmışdı. Gələcəkdə Rəşadın yerinə, onun mövqeyinə gələcək, “Qarabağ”da, milli komandada oynayacaq gənc futbolçu da bu cür səhvlər edə bilər. Varanın səhvləri göstərdi ki, bu, futboldur, hər şey ola bilər, hər bir futbolçu bu cür səhv edə bilər. Futbolçu oyun vaxtı bir neçə səhvlə də yadda qala bilər. Bu, onun qocalması, futbolu buraxmağının vaxtı gəlməsi demək deyil. Gələcəkdə hansısa gənc futbolçu da bu cür səhvlərə görə “sına” bilər. Azarkeşlərin, futbol ictimaiyyətinin münasibətindən sonra həmin futbolçu oynamaz, yaxud həvəsdən düşər. Zaman göstərir ki, bu, futbolda olan və ola biləcək şeylərdir. Bunlara görə futbolçunun üzərinə çox getmək də lazım deyil. Düşünürəm ki, bu məsələlərə görə Rəşad Sadıqovun üzərinə çox gedirdilər, onun haqda qocalması, futboldan getməsi ilə bağlı fikirlər səsləndirirdilər. Dünənki oyun göstərdi ki, bu, qocalıqdan asılı deyil, gənc, təcrübəli futbolçular da bu cür səhvlərlə yadda qala bilər”.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button