“Gözləyirdik ki, idmanla bağlı yumşalmalar olar, komandaların məşqlərə başlamasına icazə verilər”

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda açıq havada idman yarışlarının və oyunlar da daxil olmaqla bütün kütləvi idman tədbirlərinin keçirilməsinə qoyulan qadağa qüvvədə saxlanılıb. Bu səbəbdən 1-ci divizionda yarışan komandaların təlim-məşq toplanışına başlaması mümkün olmayıb.

Komanda.az xəbər verir ki, bir müddət öncə Premyer Liqa klublarına məşq etmək üçün imkan yaradıldığından, növbəti mərhələdə aşağı dəstə komandalarına da güzəşt ediləcəyi gözlənilirdi. Bu, daha çox Operativ Qərargahın idmanla bağlı fərqli qərar qəbul edəcəyindən asılı idi. Amma karantin vəziyyətində dəyişiklik olmadığından və məhdudiyyyətlər qüvvədə qaldığından məşqlərin startı növbəti dəfə təxirə salındı.

Məsələ ilə bağlı “Kəpəz”in icraçı direktoru İlqar Nadiri klubun mətbuat xidmətinə fikirlərini bölüşüb:

“Operativ Qərargahın avqustun 3-də keçirilən iclası hamını maraqlandırırdı. Biz futbol adamları gözləyirdik ki, idmanla bağlı yumşalmalar olar, komandaların məşqlərə başlamasına icazə verilər. Başa düşürük ki, atılan addımlar, verilən qərarlar insanları xəstəlikdən qorumaq üçündür və bunu qiymətləndiririk. İnşallah, yaxın zamanlarda dəyişiklik olar və hazırlığa start verərik. Buna ümid edirik. Azarkeşlər də tez-tez sual verirlər, vəziyyətlə maraqlanırlar. Hamı futbol üçün çox darıxıb.

Ötən mövsüm yarımçıq dayandırıldığından, komandamız mart ayının 12-dən oyun keçirmir. Arada uzun fasilə yaranıb. Odur ki, futbolsevərlər növbəti çempionatın başlamasını səbirsizliklə gözləyirlər. Amma fanatlar bilsin ki, komanda məşqlərə başlamasa da, meydançadan kənar işləri yoluna qoymaq üzərində çalışırıq. İlk olaraq baş məşqçi məsələsini həll etmişik. Ötən mövsüm kollektivi çalışdıran Yaşar Vahabzadə ilə yeni 1 illik razılıq əldə olunub. O, qarşıdakı çempionatda da “Kəpəz”i çalışdıracaq. Yaşar müəllim də boş oturmur. Yeni futbolçularla danışıqlara başlayıb, heyəti formalaşdırmağa çalışır. Xüsusən də, seçimdə gənclərə üstünlük verir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button