“Mən müdafiə futbolunu xoşlamıram” – Elmar Baxşıyev

Azərbaycan Premyer Liqasının 5-ci turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Komanda.az sizi 40 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“İndiki durumda futbol ikinci plana keçir. Komanda olaraq bütün fikrimiz cəbhə bölgəsindədir. Hər gün ordumuzdan yeni zəfərlər gözləyirik. İnanırıq ki, ordumuz bizi sevindirəcək və öz torpaqlarımızı qaytaracağıq.

Oyuna gəlincə, çətin olacağını bilirdik. “Sumqayıt” gənclərdən yaxşı təşkil olunmuş komandadır. Rəqib sürətli futbolu xoşlayır. Matça yaxşı hazırlaşmışdıq. Oyunun ədalətli nəticəsi heç-heçə idi. Artıq beş tur keçib. Hər qarşılaşmada hücumda oynayır, sırf arxa xətdə oturmuruq. Mən müdafiə futbolunu xoşlamıram. Müdafiədə olanda da hücumu düşünürük. Oyun ərzində yaratdığımız epizodlar da bunu göstərir. İnanıram ki, yeni qoşulan Ceyms Adeniyi də komandaya fayda verəcək. Futbolçulardan razıyam, hücumda göstərdiyimiz oyundan məmnunam. Bütün futbolçuları əsas heyət üzvü kimi görürük. Yurgen Qoxanın zədəsi olduğu üçün onu qoruduq ki, durumu daha ciddiləşməsin. Murad Musayevin göstərdiyi əzmkarlıqdan razı qaldıq. Rafael Utiqin əvəzlənməsi yorulması ilə bağlıdır. Həm özü bunu istədi, həm də hücumda kreativliyi artırmağa çalışdıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button