“Liverpul”un bizdə açdığı yara çox dərindir” – Buskets

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda “Liverpul”a 0:4 hesabı ilə məğlub olmaları haqqında açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu, məğlubiyyət acısının hələ də davam etdiyini deyib:

“Artıq qarşımızda İspaniya kubokunun final matçı var və bu oyuna köklənməliyik. “Liverpul”un bizdə açdığı yara çox dərindir. Ümid edirəm ki, klub, futbolçular, azarkeşlər tez bir zamanda yaxşılaşar. Bundan sonra da yolumuza davam etmək məcburiyyətindəyik”.

İspan futbolçu La Liqanın son turunda – “Xetafe” ilə oyunda (2:0) azarkeşlərin göstərdiyi sərt reaksiya ilə bağlı da danışıb:

“Azarkeşlərin nələr hiss etdiyini bilirik, xəyal qırıqlığı yaşamalarını başa düşürük. Amma bir şəkildə davam etməliyik. Hazırda edəcək bir şey yoxdur”.