“Lill” Edqarı “Trabzonspor”a pulsuz verdi

Türkiyənin “Trabzonspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Türkiyə millisinin də şərəfini qoruyan Yusuf Yazıçını 16.5 milyon avroya “Lill”ə satan Super Liqa təmsilçisi, Fransa klubundan Edqar Migel Leni transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı portuqaliyalı müdafiəçi trabzonlulara pulsuz verilib.

Lissabon “Sportinq”inin yetirməsi olan Edqar, İspaniyanın “Barselona” və “Vilyarreal” klublarının B komandasında da çıxış edib. O, 2017/18 mövsümünün əvvəlində “Belenenseş”dən “Lill”ə transfer olunub. Portuqaliyalı müdafiəçi ötən mövsümün ikinci dövrəsini isə icarə əsasında “Nant”da keçirib. Edqar Portuqaliya millisində də 1 oyuna çıxıb.

Xatırladaq ki, Edqar Migel Le və 16.5 milyon avroluq təzminatdan başqa, “Trabzonspor” Yusuf Yazıçının “Lill”də 25 oyun həddini keçəcəyi halda, əlavə 1 milyon avro qazanmaq şansı olacaq. Üstəlik, gələcəkdə bu futbolçu hansısa kluba satılsa, Türkiyə təmsilçisi 20 faiz gəlir götürəcək.