“Hamımız bu iki epizoda görə təəssüflənirik” – Mahir Emrelinin baş məşqçisi

Polşanın “Legiya” komandasının baş məşqçisi Çeslav Mixneviç İtaliyada “Napoli”yə 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının qrup mərhələsinin 3-cü tur oyunundan sonra açıqlama verib.

Komanda.az xəbər verir ki, baş məşqçi, Mahir Emrelinin qaçırdığı qol epizodu ilə bağlı da fikirlərini bildirib:

“Nəticə 80 dəqiqə ərzində baş verənləri əks etdirmir. Son 10 dəqiqə həlledici oldu. Nəticə komandaları qane etməyəndə, hansısa anda meydana ehtiyatdakı oyunçular buraxılır. Onlar adi vaxtda heyətdə yer alanlardan ibarət olur. Bu oyunda da gücümüzü itirdikdə əvəzetmələr etdik. Elə rəqib komanda da dəyişikliklərə əl atdı. Əvvəllər də komandamıza kömək etmiş iki oyunçumuz – Mahir Emreli və Lirim Kastratinin ifasında iki qol imkanı yaratdıq. Fərqlənə bilərdik, amma bu, olmadı. Hamımız bu iki epizoda görə təəssüflənirik.

Bilirdik ki, elə də çox imkanımız olmayacaq. Fürsətlərdən istifadə etməli idik. İki önəmli hücumu sona çatdıra bilmədik. Əvəzində rəqib bu epizodlardan sonra əks-hücumda bizə qol vurdu”.

Mahir Emreli “Napoli” ilə oyunun 71-ci dəqiqəsində meydana daxil olub. 75-ci dəqiqədə Mahirin zərbəsi qapı dirəyinə tuş gəlib.