Latviya klubu meydana 8 futbolçu ilə çıxdı, matç yarıda qaldı

Futbol üzrə Latviya çempionatında maraqlı hadisə baş verib.

Komanda.az xəbər verir ki, “Dauqavpils” komandası “Valmiera” ilə səfər matçına 8 futbolçu ilə çıxıb.

Buna qonaqların heyətində futbolçuların əksəriyyətinin koronavirus testinin müsbət nəticə verməsi səbəb olub. Yeniyətmə futbolçuların qarşılaşmada iştirakına qadağa qoyulduğu üçün kollektiv meydana 4-3-0 taktiki sxemi ilə çıxıb.

Buna baxmayaraq rəqibinə layiqli müqavimət göstərən “Dauqavpils” 70-ci dəqiqəyədək qapısından cəmi 3 top buraxıb. Amma yenə də matçı başa çatdırmaq mümkün olmayıb. Çünki 2 futbolçusu zədələnən Dauqavpils şəhərinin eyniadlı təmsilçisi meydanda 6 nəfərlə qalıb. Nəticədə hakim görüşü vaxtından əvvəl bitirib.

Qeyd edək ki, “Dauqavpils” 25 oyuna topladığı 20 xalla 10 komanda arasında 8-ci pillədə qərarlaşıb.