“Latsio”nun futbolçusu “qızıl buts”u qazandı

İtaliya A Seriyasında 2019/20-ci il mövsümünün bombardiri müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, “Latsio”nun hücumçusu Çiro İmmobiledir. Çempionatın son turunda – “Napoli” ilə oyunda da (1:3) fərqlənən 30 yaşlı futbolçu, mövsüm ərzində A Seriyasında vurduğu qolların sayını 36-ya çatdırıb. Bununla da, o, “Napoli”nin sabiq futbolçusu Qonsalo İquaynın 2015-2016-cı illər mövsümündəki rekordunu yeniləyib.

İtaliyalı futbolçu həm də, başa çatan mövsümdə Avropa çempionatlarında ən məhsuldar hücumçusu olub və “qızıl buts”u qazanıb. Bu göstəricidə sonrakı pillələri 34 qolla “Bavariya”nın futbolçusu Robert Levandovski və 31 qolla “Yuventus”un hücumçusu Kriştiano Ronaldo tutub.