La Liqa klubundan daha 4 transfer

İspaniyanın “Elçe” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi müdafiəçilər Pol Lirola, Karlos Klerk, Lautaro Blanko və hücumçu Roxer Martini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Pol Lirola Fransanın “Olimpik” (Marsel) klubundan 2023-cü ilin 30 iyununa kimi icarəyə götürülüb. İspaniyadan olan 24 yaşlı futbolçu Marsel klubuna 2019-cu ildə İtaliya təmsilçisi “Fiorentina”dan transfer olunub. O, Liqa 1 təmsilçisində 73 oyun keçirib, 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub. İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynamış sağ cinah müdafiəçisi, İtaliyada “Sassuolo”nun da uğurları üçün çalışıb.

Karlos Klerkin sonuncu iş yeri “Levante” olub. 30 yaşlı sol cinah müdafiəçisi yeni klubuna azad agent kimi qoşulub və 2 illik müqaviləyə imza atıb. İspan futbolçu daha öncə “Espanyol”, “Sabadell”, “Jirona” və “Osasuna”nın da formasını geyinib.

Roxer Marti də “Levante”dən transfer olunub. Lakin “Elçe” bu keçidə görə sözügedən kluba 3 milyon avro ödəyib. İspaniyadan olan 31 yaşlı forvardla 4 illik müqavilə imzalanıb. Təcrübəli hücumçu 2011-ci ildən “Levante”də forma geyinirdi. O, bu müddətdə “Saraqosa” və “Valyadolid”də icarədə də oynayıb.

Lautaro Blanko isə Argentinanın “Rosario Sentral” klubundan transfer olunub. İspaniya klubu 23 yaşlı argentinalıya görə qarşı tərəfə 2 milyon avro ödəyib. Futbolçunun özü ilə 5 illik müqavilə imzalanıb. Lakin sol cinah müdafiəçisi bu ilin sonuna kimi “Rosario Sentral”da icarədə oynamağa davam edəcək. O, gələn ilin əvvəlində “Elçe”yə qoşulacaq.

Blanko “Rosario Sentral”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 81 oyuna çıxıb, 10 məhsuldar ötürmə müəllifi olub.

“Elçe” qapıçı Edqar Badiya (2025), müdafiəçi Karles Marko (2024), yarımmüdafiəçilər – Xavyer Pastore (2023), Pere Milya (2025) və Omar Maskarel (2025) ilə də yeni müqavilə imzalandığını açıqlayıb.

Müdafiəçi Xosema Sançes isə “Elçe”dən ayrılaraq “Leqanes”ə keçib. İspaniyadan olan 26 yaşlı mərkəz müdafiəçisi yeni klubu ilə 2+1 illik müqaviləyə imza atıb. O, 2020-ci ildən formasını geyindiyi “Elçe”də 53 oyuna çıxıb.