“Kuboku qazanmaq bizim üçün əlavə motivasiyadır”

“Qarabağ”ın futbolçuları Azərbaycan kubokunun finalında “Zirə” üzərində qazandıqları qələbəni şərh ediblər.

Komanda.az xəbər verir ki, Ağdam klubunun kapitanı Maksim Medvedev bunları söyləyib:

“Azərbaycan kubokunda 5 dəfə final oynamışam. Ən maraqlısı bu oldu. Çünki qalib penaltilər seriyasında müəyyənləşdi. Məhz mənim kobud səhvimdən sonra qapımızda qol gördük. Bundan sonra ancaq hesabı bərabərləşdirmək haqqında düşünürdüm. Amma komanda yoldaşlarım çox rahat idi. Rəqib də çox yaxşı mübarizə apardı. Bizə fərqlənmək üçün çox az imkan verdilər. Belə bir finaldan sonra hiss etdim ki, bu gün daha çox sevinirəm. Burada azarkeşlərin yaratdığı ab-hava da önəmli oldu”.

“Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev qazanılan uğura görə bütün komanda yoldaşlarına təşəkkür edib:

“Kubok yolu çətin olsa da, titulu qazandıq. Kuboku qazanmaq bizim üçün əlavə motivasiyadır. Bu il qarşımıza qoyulan bütün hədəflərə çatdıq. İşimizi davam etdirəcəyik. Matç ağır keçdi. Oyunun əlavə vaxta getməsi mənim üçün psixoloji gərginlik yaratmadı. Son dəqiqələrə yaxın “Neftçi” ssenarisini fikirləşirdim. Sevindirici haldır ki, qalib gəldik. Bura gəlib oynamaq elə də asan deyil. Çətinliyin öhdəsindən gəlib, layiq olduğumuz qələbəni qazandıq. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovu da təbrik edirəm. Çox yaxşı komanda formalaşdırıb. Son vaxtlar əla oyun göstərirlər”.

Final matçının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyindən penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq oynayan “Qarabağ” 4:3 qalib gələrək kuboka sahib çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button