“Bu transfer üçün dövlətlər və milyonerlərlə mübarizə aparırıq” – Kovaç

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Niko Kovaç transferlərlə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir adı Münhen klubu ilə yanaşı çəkilən “Mançester Siti”nin futbolçusu Leroy Sane haqqında danışan xorvat mütəxəssis, bunları deyib:

“Sanenin nə qədər istedadlı olduğunu həm “Mançester Siti”də, həm də Almaniya millisində göstərdiyi oyunla görə bilərik. Komandamıza gəlsə, təbii ki, bizə faydalı olacaq. Amma bu transfer üçün dövlətlər və milyonerlərlə mübarizə aparırıq. Artıq işlər Bundesliqa üçün daha da çətindir, çünki ən yaxşı futbolçular İngiltərə və İspaniyada oynayır, on dəfə artıq məvacib alırlar”.

Klubun transferləri haqqında danışan 47 yaşlı mütəxəssis, Mats Hummelsin ayrılığına da toxunub:

“Hər turnirdə uğurlu olmalıyıq və düşünürəm ki, bunun üçün 17 nəfərlik heyət kifayət deyil. “Bavariya” hər zaman bütün mövqelərə futbolçu axtarır. Mövsümün sonunda iki vacib futbolçumuzu itirdik, onların yerini doldurmaq üçün səbrli olmalıyıq.

Hummels mövsümün ikinci hissəsində çox yaxşı işlər gördü. Bizdən yeni mövsümdə vəziyyətin necə olacağını soruşdu. Müdafiəçi mövqeyində transfer etdiyimizi bilirdi. Rəqabət yaxşı olanın oynaması deməkdir. Mats belə bir rəqabətin içərisində olmaq istəmədi”.