Kovaçdan “Bavariya”dakı gələcəyi ilə bağlı açıqlama

Almaniya Bundesliqasının növbəti turunda “Ayntraxt”la çempionluq matçına çıxacaq “Bavariya”nın baş məşqçisi Niko Kovaç açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis, bu klubda işləməyin çətin olduğunu deyib:

“Bavariya”da işlədiyim ilk ildə çox şey öyrəndim. İnsan olmağın nə qədər çətin olduğunu anladım. İnsan çox çətin bir canlıdır.

Danışarkən, bir-birimiz üçün heç bir zaman əlçatmaz olmamalıyıq. Mən özümə qarşı necə davranılmasını istəyirəmsə, digər insanlara da elə davranıram. Daha çox hörmət göstərməli, qarşıdakını insan olaraq görməliyik”.

Münhen təmsilçisindəki gələcəyi ilə bağlı danışan xorvat mütəxəssis, bunları deyib:

“Mən tamamilə azad bir insanam. Nə vaxtsa burda olmasam da, həyatımı yaşamağa davam edəcəm. Nə olacaqsa, olacaq. Bu mövsümü kubokla bitirə bilərəm, heç bir zaman bundan imtina etmərəm.

“Bavariya” heç vaxt baş məşqçiyə iş zəmanəti verməz. Klubla daha 2 illik müqaviləm var və xoşbəxtəm. Növbəti mövsüm də burda qalacaqmış kimi davranıram”.

“Bavariya” – “Ayntraxt” qarşılaşması sabah, saat 17:30-da start götürəcək.