Koronavirus hansı klubları çempion elan etdirə bilər? – Yazı+Fotolar

Çində başlayan və qısa zamanda bütün dünyaya yayılan koronavirus pandemiyası futboldan da yan keçməyib.

Virusun yayılmasının qarşısını almaq məqsədiylə keçirilən tədbirlər çərçivəsində Avropanın TOP-5 çempionatlarında bütün oyunlar təxirə salınıb. İspaniya və İtaliyada mövsümün birdəfəlik dayandırılması müzakirə olunur.

Ölkə çempionatlarıyla yanaşı, Çempionlar Liqası, Avropa Liqası dayandırılıb, AÇ-2020-nin isə növbəti ilə təxirə salınacağı gözlənilir.

Artıq bəzi ölkələrin futbol qurumları koronavirusun geniş yayılması və hər gün ölüm sayının artması səbəbindən liqaları dayandırıb, hazırda lider olan komandaların çempionluğunu bəyan etmək niyyətindədir.

Koronavirus pandemiyası Azərbaycana da bulaşıb. Pandemiyanın yayılmasının qarşısını almaq məqsədiylə keçirilən tədbirlər çərçivəsində Azərbaycan Premyer Liqasının oyunları da təxirə salınıb və nə zaman bərpa olunacağı bilinmir.

Azərbaycan çempionatında koronavirus pandemiyasına görə mövsüm birdəfəlik dayandırılsa, çempionluq titulu “Qarabağ”ın olacaq. Çünki Ağdam təmsilçisi sona 8 tur qalmış ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayır. 3-cü “Keşlə”, 4-cü isə “Sumqayıt” olacaq.

Avropanın TOP-5 liqalarında da demək olar ki, turnir cədvəllərinin vahid liderləri var.

İtaliya A Seriyasında lider 63 xalla “Yuventus”dur. Turin təmsilçisi mövsüm dayanacağı halda, sona 12 tur qalmış çempion elan edilə bilər. 2-ci sıra 62 xalla “Latsio”nun, 3-cü və 4-cü sıra isə müvafiq olaraq “İnter” və “Atalanta”nındır.

İngiltərə Premyer Liqasının lideri isə “Liverpul”dur. Mersisayd təmsilçisi sona 9 tur qalmış ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayır. “Liverpul” sonuncu dəfə 1989/90 mövsümündə Premyer Liqanı qazanıb. Mersisaydlıların 30 illik həsrətə son qoyacağı gözlənilir. Premyer Liqada 3-cü yer “Lester”in, 4-cü isə “Çelsi”nin olacaq.

Almaniya Bundesliqasında liderlik postu “Bavariya”nındır. Münhen klubu sona 9 tur qalmış ən yaxın izləyicisi Dortmund “Borussiya”sını 4 xal qabaqlayır. 3-cü “Leyptsiq”, 4-cü isə Münhenqladbax “Borussiya”sı elan oluna bilər.

Fransa Liqa 1-də son illərin dəyişməz çempionu PSJ yenə liderdir. Paris klubu sona 10 tur qalmış ən yaxın izləyicisi “Marsel”i 12 xal qabaqlayır. 3-cü yerdə “Renn”, 4-cüdə isə “Lill” qərarlaşıb.

İspaniya La Liqasında sona 11 tur qalmış lider “Barselona”dır. Ən yaxın izləyicisi “Real”ı 2 xal qabaqlayan kataloniyalıların çempion elan edilməsi nəzərdən keçirilir. Turnir cədvəlinin 3-cü yeri “Sevilya”nın, 4-cüsü isə “Real Sosyedad”ın payına düşür.

Cənubi Azərbaycanı təmsil edən “Traktor” klubunun mübarizə apardığı İran çempionatı da koronavirus pandemiyasına görə dayandırılıb. Təbriz klubu hazırda sona 9 tur qalmış 3-cüdür və lider “Persepolis”dən 10 xal geri qalır.

Ölkə çempionatlarıyla yanaşı, Çempionlar Liqası və Avropa Liqası da dayandırılıb. İspaniya mətbuatı UEFA-nın hər iki turnirdə “Dördlər finalı”ndan istifadə edəcəyini və qalibin bu mövsüm müəyyənləşəcəyini iddia edir. UEFA bu gün keçirəcəyi videokonfransda AÇ-2020-nin keçirilib-keçirilməyəcəyiylə bağlı yekun qərarını verəcək.

Koronavirus pandemiyası səbəbindən hazırda 7,175 nəfər dünyasını dəyişib. Xəstəliyə yoluxanların sayı 183,112-dir. İnfeksiyaya qalib gələnlərin sayı isə 79,897-dir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button