“Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz” – Azərbaycan millisinin baş məşqçisi

Sabah futzal üzrə Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla görüşün keçiriləcəyi Bakı İdman Sarayında davam etdirir.

Komanda.az xəbər verir ki, zədəli futzalçılar – Tyaqo və Hadi Ahmadi də komandaya qoşulublar. Komandanın baş məşqçisi Joze Alesio Da Silva məşqdən sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə Slovakiya ilə görüşlə bağlı danışıb, eləcə də komandadakı son durumu açıqlayıb:

“Hazırlığa başlayan zaman da bilirdik ki, Slovakiya ilə oyun çətin keçəcək. Onlar qələbə qazanmaqla ikinci pillədəki mövqelərini möhkəmlətmək, həm də Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etmək istəyirdilər. Həmin matça ciddi hazırlaşdıq. Təəssüf ki, tam heyətlə səfərə çıxa bilmədik. İtkilərimizlə bərabər, səfər də əlehimizə işlədi. Təxminən 13 saat yolda olduq. Çətinliklərə baxmayaraq, yaxşı nəticə qazandıq. Buna görə də oyunçularımı təbrik edirəm. Qazandığımız bir xal qrup liderliyini təmin etməyimizə kifayət etdi.

Yunanıstanla oyunöncəsi problemimiz var. Bu da zədəli oyunçularla bağlıdır. Tyaqo Bolinya və Hadi Ahmadinin meydana çıxıb-çıxmayacağını bilmirik. Buna oyun günü qərar veriləcəyik. Qalan futzalçılarımız şans veriləcəyi təqdirdə meydana çıxmağa hazırdırlar.

Uşaqlarla söhbətimiz olub. Onlara oyuna ciddi yanaşmaqlarını tapşırdım. Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz. Bu görüşdəki nəticə bizə reytinq əmsallarını artırmaq baxımından vacibdir. Çətin olacaq, amma ümid edirəm ki, meydanı istədiyimiz nəticə ilə tərk edəcəyik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button