“Komanda mənim istədiyimi verdi” – Elmar Baxşıyev

Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində baş tutan “Qəbələ” – “Zaqlembe” (Polşa) oyunundan (1:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev görüş barədə fikirlərini açıqlayıb.

Komanda.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Ümumilikdə oyundan razı qaldım. İstədiyimiz o idi ki, komanda oyun yükünü hiss etsin. Toplanışda ilk oyunumuz idi. Bilirdik ki, bir az ağır olacaq. Futbolçuların yanaşması məni qane edir. İnanıram ki, gündən-günə xətlərarası əlaqəni daha da yaxşılaşdıracaq və optimal formaya qayıdacağıq. Məqsəd İsayev zədəli olduğu, Murad Musayevin hərarəti qalxdığı üçün heyətdə dəyişikliyə getdik. Ümumi prosesdən razıyam. Nəticədən asılı olmayaraq, komanda mənim istədiyimi verdi. Mövsüm ərzində də Emil Səfərov və Hüseyn Mürsəlovu ilk “11-lik”də görmüşük. İnanıram ki, bu toplanışdan sonra daha bir neçə gənc bizimlə davam edəcək. Ürfan Abbasovun zədələnməsi bizi narahat edir. Ümidliyik ki, o, bunu adlaya biləcək. Patrik Robsonla müqavilə imzalamışıq. Təəssüf ki, koronavirusa yoluxduğu üçün komandaya qoşulmayıb. Onlar qoşulandan sonra heyətimiz bir az da geniş olacaq. İnanıram ki, komanda meydanda daha yaxşısını edəcək”.

Antalyada daha iki yoxlama matçına çıxacaq “Qəbələ” yanvarın 21-də Şimali Makedoniya təmsilçisi “Boreç”lə, 24-də Çexiya “Bohemians”ı ilə üz-üzə gələcək.