Klubun sabiq prezidenti və 2 futbolçu həbs olundu – Oyun alqı-satqısına görə

İspaniya futbol tarixində ilk dəfə oyun alqı-satqısına görə cəza verilib.

Komanda.az xəbər verir ki, Navarra şəhər məhkəməsi “Osasuna” klubunun 2013/14 mövsümünün son iki turunda elitada qalmaq üçün oyun altı-satqısına əl atdığını isbatlayıb.

Bununla bağlı məhkəmə qarşısına çıxarılan 11 nəfərdən 9-na həbs və pul cəzası kəsilib. Sübut olunub ki, həmin mövsümdə “Betis”in futbolçuları Antonio Amaya və Xavi Torres son iki turda “Valyadolid”ə qalib gəlib, “Osasuna”ya bilərəkdən uduzmaq üçün üçüncü bir şəxsdən rüşvət alıblar. Bu cinayətə görə onların hər ikisinə bir illik həbs cəzası verilib.

Qərarda “Osasuna”nın 5 sabiq rəhbəri ilə rüşvətin verilməsində vasitəçilik edən iki şəxsə də həbs və pul cəzası verilib. Sözügedən klubun sabiq rəsmilərindən Anxel Viskay sənədləri saxtalaşdırdığı, vəzifəsindən sui-istifadə etdiyi və korrupsiyaya əl atdığına görə ən ağır cəza alan şəxs olub – 8 il 8 aylıq həbs cəzası. “Osasuna”nın sabiq prezidenti Migel Arkanyo Taberna və digər klub rəsmisi Xesus Peralta Qrasiya 6 il 8 aylıq həbs cəzası alıb. Klubun digər sabiq rəsmilərindən Xuan Antonio Paçual 6 il 6 ay, Sanço Bandres 5 il 6 ay, rüşvətin verilməsində vasitəçilik edən iki nəfər isə 9 aylıq həbs cəzasına məhkum olunublar. Həmin iki nəfər 6 ay ərzində günlük 30 avro cərimə də ödəməlidilər.

“Osasuna” klubuna isə bu hadisələrlə əlaqədar 2 milyon 340 min avro cərimə kəsilib.

Xatırladaq ki, bu məsələnin üstü “Osasuna”nın sabiq prezidenti Anxel Viskayın illər sonra 2012/13 və 2013/14 mövsümlərində elitada qalmaq üçün bəzi klublara pul təklif etdiklərinə dair etirafdan sonra açılmışdı. O, klubun 2013-cü ildə “Xetafe”yə 400 min avro (məğlub olması üçün), “Valyadolid”ə 150 min avro (“Deportivo”nu məğlub etməsi üçün), “Betis”ə 150 min avro (“Selta”nı məğlub etməsi üçün), 2014-cü ildə isə “Betis”ə 250 min avro (məğlub olması üçün), “Espanyol”a 250 min avro (heç-heçə üçün), “Betis”ə 400 min avro (“Valyadolid”i məğlub etməsi üçün) ödədiklərini iddia etmişdi. “Osasuna” 2012/13 mövsümündə La Liqada qalsa da, növbəti mövsümdə hətta çirkin cəhdlərinə rəğmən, elitanı tərk etmək məcburiyyətində qalmışdılar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button