Qovulduğunu “tvitter”dən öyrəndi

İsveçrənin “Sürix” klubu bir müddət əvvəl hücumçu məşqçisi vəzifəsinə gətirdiyi Floran Maludanın işinə son verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi “tvitter” hesabı məlumat yayıb. Maraqlısı odur ki, Fransa millisinin və “Çelsi”nin sabiq üzvü olan Maluda, qovulduğundan xəbərsiz olub. Maluda, “Sürix” klubunun “tvitter” hesabında onunla yolların ayrıldığı haqda paylaşıma cavab olaraq, “Həqiqətənmi? Bunu bilmirdim” deyə, yazıb.

Karyerası ərzində “Genqam”, “Lion”, “Çelsi”, “Trabzonspor” kimi komandalarda çıxış edən Maluda, son olaraq Lüksemburqun “Differdanj” klubunun şərəfini qoruyub. Sabiq yarımmüdafiəçi 2018-ci ildə karyerasını bitirib.

Maluda 80 dəfə Fransa millisinin uğurları üçün çalışıb.