“Hər birimiz tarixdə qalmaq üçün futbol oynayırıq” – Jiru

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Sevilya”nı 4:0 hesabı ilə məğlub edən “Çelsi”nin hücumçusu Olivye Jiru açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, oyunda “zadəganlar”ın 4 qolunun da müəllifi olan fransalı futbolçu, klubdakı gələcək taleyi barədə də danışıb:

“İndi bu qələbədən zövq almaq istəyirəm. Daha sonra bir müddət istirahət edib, baş məşqçinin planının nə olduğunu görəcəyik. Çempionlar Liqasında səfər oyununda 4:0 hesabı ilə qalib gəlmək inanılmaz hissdir. Hücumda daha yaxşı təsir bağışladıq. Komandaya faydalı olmaq üçün belə davam etməyə çalışacam. Klub tarixində yer almaq möhtəşəmdir. Hər birimiz tarixdə qalmaq üçün futbol oynayırıq. Komandamın qalibiyyətinə kömək etdiyim və dörd qol vurduğum üçün xoşbəxtəm”.