“Hər kəsə göstərəcəm ki, hələ karyeramı bitirməyim üçün tezdir” – Müsahibə

Cari mövsümün ən uğursuz komandalarından biri “Keşlə”dir. Keşlə təmsilçisi 23 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Elə buna görə də, bir neçə gün əvvəl komandanın baş məşqçisi Tərlan Əhmədov istefa vermək istəmiş, amma rəhbərlik onu fikrindən daşındıra bilmişdi.

“Keşlə”də bir futbolçu var ki, bu mövsüm ehtiyat oyunçular oturacağının daimi sakininə çevrilib. Ancaq vaxtı ilə oynadığı klublarda daim əsas heyətin üzvü olurdu. Söhbət Ruslan Əmircanovdan gedir. Təcrübəli futbolçu ilə komandasının vəziyyəti və öz durumu ilə bağlı söhbətləşdik:

  • Bu mövsüm demək olar ki, meydana çıxmamısıan. Bu, nə ilə bağlıdır?
  • Qardaş, düz vurğulayırsız, bu mövsüm hələ ki, meydançada olmamışam. Mən bu komandaya oynamaq üçün gəlmişdim. Klubda baş məşqçi dəyişiklikləri oldu. Sonra da Tərlan Əhmədov gəldi. Hər məşqçinin öz fikri var. Mənə inanmasaydılar, qış fasiləsində klubdan göndərərdilər. Qalmışamsa, deməli, inanırlar. Düzdür, hələ şans verilməyib. Mən də ümidimi itirmirəm, çempionatın son oyununa kimi şansımı gözləyəcəm. Çünki o şans mənə verilsə, bundan möhkəm yapışıb, əlimdən buraxmayacam. Mən özümə inamlı futbolçuyam. Bilirəm ki, meydançaya çıxsam, komandaya kömək edə biləcəm. Özümdə o potensialı hiss edirəm. O gücü hiss edirəm ki, meydana çıxıb 90 dəqiqə mübarizə apara bilərəm. İndi oynamıram deyə, küsüm, inciyim, yox. Belə söhbət heç vaxt ola bilməz. Gedim “spor” eləyim ki, məni niyə oynatmırsan-zad, yox. Baş məşqçinin öz fikri var, mən onun işinə qarışa bilmərəm. Ancaq şansımı gözləyirəm. Bilirəm ki, bu şans mənə veriləcək. Çünki hər bir futbolçuya komandada şans verilir. Onda da mən çıxıb sübut edəcəm ki, zəif deyiləm və bu komandaya lazım olan futbolçuyam.
  • Tərlan Əhmədovdan səni oynatmamasının səbəbini soruşmusan?
  • Qardaş, mən peşəkar futbolçuyam. Oynayıb-oynamamağımla bağlı gedib məşqçinin işinə qarışa, heç nə deyə bilmərəm. O, komandirdir, biz də əsgərləriyik. O nə komanda versə, biz də meydana çıxıb onu yerinə yetiririk. Aramızda nə söz-söhbət olub, nə də dava-dalaş. Şükür Allaha, hər şey qaydasındadır. Hər məşqçinin öz psixologiyası, öz fəlsəfəsi var. Ona görə, onun işinə qarışa bilmərəm. Meydançaya çıxmaq üçün vaxtımı gözləyirəm və o şans da mənə düşəcək. Son 5 oyun qalıb, mənə şans veriləcək. Buna inanıram. Meydana çıxacam və komandanın uğuru üçün əlimdən gələni edəcəm.
  • Sənə mövsümün ilk dövrəsində də şans verilməmişdi. Qış fasiləsində komandadan getmək kimi fikrin var idimi?
  • Yox, qardaş, komandadan getmək fikrim olmayıb. Çünki komanda qış fasiləsində təlim-məşq toplanışına gedir. Yeni futbolçular gəlir, komanda 2-ci dövrəyə hazırlaşır. Qış fasiləsində çalışırdım ki, toplanışı yaxşı keçirim, ikinci dövrəyə daha yaxşı başlayım. Məşqlərdə canla-başla çalışırdım. Komanda indi uğursuz zolaqdadır. Bu zaman da məşqçi nəsə dəyişikliklər edir. Bu vəziyyətdən çıxmaq üçün məşqçi, futbolçular, klub rəhbərliyi hamı birgə çalışmalıdır. Şükür, maliyyə cəhətdən də problemlərimiz yoxdur. Rəhbərlik həmişə bizə dəstək olub. Rəhbərlik komanda udanda da, uduzanda da öz qayğısını göstərib. Bundan sonra da çalışacağıq ki, qalan 5 turda lazım olan nəticələri qazanaq. Mən də şansımı gözləyəcəm. Meydana çıxıb göstərəcəm ki, Əmircanov hələ qocalmayıb.
  • Son 5 turda da şans verilməsə, getmək haqda düşünəcəksən?
  • Getmək haqda düşünmürəm. Elə futbolçular var ki, onlar meydanda az şans qazanır, ancaq onu bir ağsaqqal kimi komandada saxlayırlar. O qədər klublar var ki, yaşlı futbolçuları saxlayırlar, komandadakı ab-havanı saxlasın, qıraqdan məşqçiyə dəstək olsun. Oynamasam da, komandaya qıraqdan dəstək olmağı bacarıram. Hər klubda var belə hallar. Cavan futbolçular oynasalar da, yaşlı oyunçular da olmalıdır. Bilən bilir neçə xasiyyətli biriyəm. Ara qızışdıran, dava-dalaş salan biri deyiləm. Komandaya lazım olmasaydım, digər lazım olmayan futbolçular kimi məni də qışda göndərərdilər. Komandada qalmışamsa, deməli, ehtiyac var. Bu komanda mənə doğmadır, neçə illərdir burda oynamışam. Neçə illərdir “Keşlə”nin çörəyini yemişəm. Alınsa, burda da karyeramı bitirmək istəyərəm. Bu komandanın uğurlarında mənim də payım olub. Və bilirəm ki, yenə mənə şans veriləcək. Şans verilməməsi kimi bir variant yoxdur.
  • Hazırda “Keşlə” sonuncu pillədə yer alıb. Komandanın hazırkı durumuyla bağlı düşüncələrin nədir?
  • Son pillədəyik, ancaq belə baxanda, futbolçuları ayrı-ayrılıqda götürsək, heç də zəif deyilik. İstər yerli futbolçular, istər legionerlər, istərsə də cavan futbolçular. Son sırada gedəcək komanda deyilik. Futboldur bu. Tapşırıqları yerinə yetirən futbolçuladır. Məşqçilər, rəhbərlik bizim yerimizə meydançaya çıxıb futbol oynaya bilməz ki. Elə oyunlar vardı ki, udmalıydıq, ancaq öz səhvlərimizə görə uduzmuşuq. Hamı da bilir ki, “Keşlə” son sıraya layiq olan komanda deyil. Bizim komanda Avroliqaya gedəsi komandadır. Demək olmaz ki, artıq “Keşlə” liqadan düşüb. Qarşıda oyunlarımız var. Çalışacağıq ki, yaxşı nəticələr qazanıb, üst sıralara qalxaq. Sonuncu yer bizim yerimiz deyil.
  • Tərlan Əhmədov “Sumqayıt”la qarşılaşdığınız oyundan sonra keçirilən mətbuat konfransında bacarmadığını dedi. Səncə, komandanın hazırkı vəziyyətdə olmasının günahı kimdədir: məşqçidə, yoxsa futbolçularda?
  • Uğursuzluqda məşqçini günahlandırmaq lazım deyil. Bu, futboldur, məğlubiyyət də olur, qalibiyyət də. Futbolu oynayan meydançadakı oyunçulardır. Məşqçi qıraqdan tapşırıq verir, biz yerinə yetiririk. Məşqçi verdiyi tapşırığı gəlib özü yerinə yetirmir ki. 11 nəfər futbolçudur bunu yerinə yetirən. Futbolçulardan ikisi oynamayıb, doqquzu oynasa, artıq komanda axsamağa başlayır. Hamı bir yumruq kimi olmalı, bir şey üçün çalışmalıdır. Bilmirəm indi nədir bu “qara zolaq”. Uğursuzluq komandanı bürüyüb. Bunu da məşqçinin üstünə yıxmaq düz olmaz. Günah futbolçulardadır. Hamımız çalışmalıyıq ki, komandanın adını, imicini qoruyaq. “Keşlə” neçə illərdir ki, Avroliqa, çempionluq üçün oynayıb. Ortabab komanda yox, güclü komanda olmuşuq. “Keşlə” həmişə güclü və rəqiblərinə qan udduran komanda olub. Hər rəqib bizdən çəkinib. Bu uğursuzluqda da məşqçini günahlandırmaq olmaz. Nəticəni qazanan futbolçulardır, məşqçilərdə bir şey yoxdur.
  • Dedin ki, komandada ağsaqqal, təcrübəli futbolçular olmalıdır. Sən təcrübəli oyunçu kimi çıxış yolunu nədə görürsən? “Qara zolaq”dan çıxmaq üçün ilk nə etmək lazımdır?
  • Bütün komanda bir yumruq kimi olmalıdır. Əlini sıxırsan, yumruq olur. Və bununla kiminsə çənəsini sındıra bilərsən. Ancaq əldəki ən balaca barmaq olmasa, artıq yumruğunun gücü zəifləyəcək. Bütov yumruq 100 faizdirsə, ən balaca barmaq olmasa, 50 faiz işləyir. “Qara zolaq”dan çıxmaq üçün bir yumruq olmalıyıq. Meydançada bir oyunçu 100 faizlik potensialını ortaya qoymursa, öz kişilik xüsusiyyətlərini, canfəşanlığını, meydanın hər qarışında mübarizliyini ortaya qoymursa, nəticə əldə etmək olmaz. Bir olsaq, bir yumruq kimi eyni yerə vursaq, komanda “qara zolaq”dan çıxacaq. Meydana çıxıb oynayırıqsa, istər oynayan, istər də ehtiyatda qalan futbolçular, içi mən qarışıq, komandaya dəstək olmalıyıq. Bir olsaq, sonuncu pillədən qurtulub, çempionatı orta sıralarda bitirə biləcəyimizi düşünürəm.
  • Azərbaycan Premyer Liqasında bu tur “Qəbələ”, növbəti tur isə “Qarabağ”la qarşılaşacaqsız. Bu oyunlarla bağlı fikirlərin nədir?
  • Futboldur bu, əvvəlcədən proqnoz verib bilsəydik ki, udacağıq, daha nə oldu? Əvvəlcədən heç nə deyə bilmərəm. İki güclü komandayla qarşılaşacağıq. Hər bir güclü komandaya qarşı futbol oynamaq olur. Əvvəlki oyunlarımızda da göstərmişik ki, heç də zəif komanda deyilik. Onlardan çəkinmirik. Allahın köməkliyi ilə bizə lazım olan nəticəni qazanacağıq.
  • Artıq 34 yaşın var, karyeranı nə zaman bitirməyi düşünürsən?
  • Bu haqda düşünmürəm. Nə qədər gücüm var, çalışacam davam edim. Futbolla tanınmışıq, bizim işimiz futbol oynamaqdır. Allah nə qədər güc versə, oynayacam. Karyeramı bitirməyi düşünmürəm. Mənə şans veriləndə, hər kəsə göstərəcəm ki, hələ karyeramı bitirməyim üçün tezdir. Öz oyunumla bunu sübut edəcəm.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button