“Qarabağ”la oyuna maraq azdır” – APOEL rəsmisi

Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Qarabağ”la qarşılaşacaqları oyundan əvvəl fikirlərini bildirib.

Komanda.az “24sports.com.cy” saytına istinadən xəbər verir ki, Petevinos, bunları deyib:

“Qarabağ”la oyuna maraq azdır. Yanımızda çox azarkeş olmayacaq. Bütün tənzimləmələr edilib. Əlavə təhlükəsizlik olacaq və buna görə hər şeyin yaxşı keçəcəyini düşünürük.

“Qarabağ” üçün bu oyun xüsusi önəm daşıyır. Bu qarşılaşmanın siyasi ölçüsü var. Belə hadisələrə qarışmaq istəmirik. “Qarabağ” rəhbərliyi ilə yaxşı münasibətlərimiz var. Biz ora iş üçün gedirik və bunu da edəcəyik”.

Nektarios, UEFA tərəfindən “Qarabağ” – APOEL oyununun yüksək riskli qarşılaşmalar siyahısına daxil edilməsinə dair iddialara münasibət bildirib:

“Bu barədə məlumatım yoxdur. Bildiyim odur ki, “Qarabağ”la ev oyunumuzda təhlükəsizlik xidməti əməkdaşı olacaq. Bu barədə bizə məlumat veriblər”.

Klub rəsmisi, “Qarabağ” və “Düdelanj” komandaları azarkeşlərə görə cəzalansalar, bu, APOEL-ə təsir edəcəkmi” sualına belə cavab verib:

“Bizə məlumat veriblər ki, fanatlarımızla bağlı heç bir problem olmayacaq. Onları özümüzlə aparmaq hüququmuz var”.

Oktyabrın 24-də keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də start götürəcək.