“Kimsə Lənkəranın futbol ictimaiyyətinin intellektual potensialına şübhə edə bilməz” FOTO

Yeni yaradılan Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələri futbol ictimaiyyəti ilə  görüşləri davam etdirirlər.

Komanda.az xəbər verir ki, növbəti belə görüş Lənkəranda keçirilib. Bu barədə məlumatı təşkilatın sədri Nazim Süleymanov verib. Süleymanov bildirib ki, təşkilatın tanıdılması, məram və məqsədi ilə bağlı məlumat vermək üçün Lənkərana səfər ediblər:

“Lənkəranın Azərbaycan futbolunda özünəməxsus izi var. Deyərdim ki, Lənkəran müstəqil Azərbaycan futboluna rəqabət, yeni nəfəs, rəng qatan rayon olub. Məhz bu rayonun futbol ictimaiyyətinin sayəsində müstəqil Azərbaycan futbolunda azarkeşlik ənənəsi formalaşdı. Kimsə Lənkəranın futbol ictimaiyyətinin intellektual potensialına şübhə edə bilməz. Belə bir potensiala malik rayona səfər etmək bizim borcumuz idi”.

Süleymanov bildirib ki, Lənkəranda həm futbol veteranları, həm də futbol ictimaiyyətinin nümayəndələri ilə fikir mübadiləsi aparıblar:

“Məramımız, təşkilatın ideya və prinsipləri ilə bağlı Lənkəranın da futbol ictimaiyyətini məlumatlandırmaq idi. Onların fikirlərini, təkliflərini dinlədik. Lənkərandakı görüşümüz olduqca səmərəli alındı. Dəyərli təkliflər eşitdik, ümumiyyətlə, Azərbaycan futbolunun problemləri, onların həlli ilə bağlı müzakirələr apardıq”.

Süleymanov deyib ki, belə səfərlər davamlı olacaq və Azərbaycanın bütün bölgələrini əhatə edəcək

Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının nümayəndələrinin əvvəlki görüşləri Gəncə, Masallı, Buzovna və İmişlidə olmuşdu.