Kevin və Xulio üçün əlamətdar oyun

Futbol üzrə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, “Sabah” bu turda səfərdə “Zirə” ilə qarşılaşıb.

Zirə İdman Kompleksinin stadionunda keçirilən matç “Sabah”ın 2:0 hesablı qələbəsilə başa çatıb.

Qonaqların bu oyundakı qollarına 51-ci dəqiqədə Xulio Rodriqes və 90+2-ci dəqiqədə Kevin Kubemba imza atıblar. Bu görüş hər iki futbolçu üçün əlamətdar olub. Belə ki, həm Kevin, həm də Xulio “Sabah”ın heyətində rəsmi oyunlarda ilk qollarını vurublar.

Hər iki futbolçu “Sabah”da qol hesabını açmaları ilə bağlı klubun rəsmi saytına danışıblar.

Kevin Kubemba: “Sabah”da rəsmi oyunlarda ilk qolumu vuraraq komandamın qalib gəlməsində rol oynadığıma görə xoşbəxtəm. Meydana çıxanda fərqlənmək üçün şansım olacağını bilirdim. Tanrıya şükür, bu fürsətdən yararlana bildim”.

Xulio Rodriqes: “Sabah”da ilk qolumu vurduğuma görə çox xoşbəxtəm. Ancaq məni bundan da çox sevindirəm məqam komandamın qələbəsinə töhfə verməyim oldu”.

Xulio oyuna start heyətində başlayıb sona kimi meydanda olub. Kevin isə görüşün 87-ci dəqiqəsində əvəzetmədən oyuna çıxıb.

Qeyd edək ki, bu günə kimi “Sabah”ın heyətində Azərbaycan Premyer Liqasında 21 futbolçu qol vurmağa nail olub. Komandanın heyətində yüksək liqada ən çox qol vurmuş futbolçu Marko Deviçdir (9 qol).