“Keşlə”nin rəqibi də Bakıda məşqə çıxmayacaq

Avropa Konfrans Liqasının 2-ci mərhələsi çərçivəsində Rusiyanın “Soçi” klubuyla cavab matçına hazırlaşan “Keşlə”nin oyunöncəsi mətbuat konfransının vaxtı açıqlanıb.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Sənan Qurbanov iyulun 28-də, saat 18.00-da “ASK Arena”nın konfrans zalında jurnalistlər qarşısına çıxacaq. “Keşlə”nin oyunöncəsi məşqi isə saat 19:00-da start götürəcək.

“Soçi”nin mətbuat konfransının saat 19.00-da keçirilməsi nəzərdə tutulub. “Keşlə”dən verilən məlumata görə, rəqibin oyunöncəsi məşqi planlaşdırılmır. Yeri gəlmişkən, “Neftçi”nin UEFA Çempionlar Liqasındakı rəqibi – Yunanıstan “Olimpiakos”u da Bakıdakı cavab oyunundan öncə oxşar qərar qəbul edib.

Xatırladaq ki, “Keşlə” səfərdə 0:3 hesabıyla yenildiyi ruslarla cavab görüşünü iyulun 29-da “ASK Arena”da keçirəcək. Həmin oyuna saat 20:00-da start veriləcək.