Keçmiş futbolçusundan “Tottenhem”ə Koutinyo məsləhəti

“Tottenhem”in sabiq qapıçısı Pol Robinson icarə əsasında “Bavariya”da çıxış edən “Barselona”nın futbolçusu Filippe Koutinyo ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, keçmiş qolkiper, “Tottenhem”in Koutinyonu transfer etməsini istədiyini bildirib:

“Koutinyonun “Tottenhem” də daxil olmaqla, Premyer Liqanın ən yaxşı 6 klubundan birinə keçəcəyinə inanıram. Hər kəs onun “Liverpul”da nə qədər yaxşı olduğunu gördü. O, “Barselona”ya transfer olunarkən, hər kəs onun böyük uğur əldə edəcəyini düşündü, amma bu, olmadı. Premyer Liqa onun üçün çox yaxşı seçim ola bilər. “Liverpul” və ya “Tottenhem”, fərqi yoxdur, o, hər komandaya böyük fayda verəcək.

Belə bir futbolçunu əldə etmək üçün heyətə nəzər yetirmək lazımdır. “Tottenhem”in baş məşqçisi Joze Mourinyo kimlərlə çalışacaq? Koutinyo kimi bir futbolçunu əldə etmək  üçün bəzi futbolçuları satmaq lazımdır. “Tottenhem” də bunu edə bilər”.