“Kaş ki, o anları hər kəs görə biləydi” – “Liverpul”un kapitanı

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində öz meydanında “Barselona”ya 4:0 hesabı ilə qalib gələn “Liverpul”un yarımmüdafiəçisi Cordan Henderson matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, mükəmməl oyun göstərdiklərini deyib:

“Oyuna sürətli başlamaq istəyirdik. Hesabı tez açmağımız geri dönüş etməyimizə kömək edə bilərdi. Amma təkcə qol deyil, oyun planımız və rəqibi təzyiq altında saxlamağımız da mükəmməl idi.

“Barselona” yaxşı komandadır. Onların və bizim nələr edə biləcəyimizi bilirdik. Xarakter göstərdik, meydanda ürək qoyduq və bacardıq”.

Komandanın kapitanı bu qələbənin inanılmaz olduğunu bildirib:

“Bu, inanılmazdır. Bir çox insanın bizə şans vermədiyini, inanmadığını görürdük. Oyundan əvvəl çox çətin olacağını, amma bir ehtimal olduğunu bilirdik. Məhz bu inanca görə paltardəyişmə otağı möhtəşəm idi. Kaş ki, o anları hər kəs görə biləydi.

“Enfild Roud” inanılmazdır. Burda möhtəşəm işlər bacardıq. Futbolçular, azarkeşlər inanılmaz idi. Bu stadion əvvəllər də belə böyük qələbələr görüb. Budəfəki ən yaxşısı oldu”.