Karyerasını əmisinə borclu olan “Div” Yazı+Fotolar

O, karyerasını yaxın keçmişdə başa vurdu. Futbolçu olaraq “Çelsi”, “Qalatasaray”, “Marsel” kimi klublarda karyera yaşadı. Amma təbii ki, adını futbol tarixinə “Çelsi”dəki çıxışı ilə daha çox yazdırdı. Klub karyerası ərzində 686 oyuna çıxdı, 300 qol vurdu, 118 məhsuldar ötürmə müəllifi oldu. Bu, Fil Dişi Sahili millisinin keçmiş hücumçusu Didye Droqbadır…

Futbol dünyasında “div” mənasına gələn “Tito” ləqəbiylə tanınan Didye Droqba, 1978-ci ildə Fil Dişi Sahilində yerləşən kasıb, çətin həyat şəraitinin olduğu kənddə doğulub. Uşaqlıq və yeniyetməlik illəri maddi sıxıntılar içərisində keçən Droqbanın tək təsəllisi futbolçu olan əmisi Mişel Qoba tərəfindən vəd edilən pulu gözləmək idi. Qoba maddi sıxıntılardan canını qurtarmaq üçün Fil Dişi Sahilindən Fransaya köçən insanlardan biri idi. Onun vəd etdiyi pul Droqbaya Fransaya köçmək üçün xərclənməli idi. Ailəsi ilə Fransaya köçəcəyinə ümid edən Droqbanın bu istəyi baş tutmadı, bir nəfərlik viza haqqı qazanan ailə, uzun müzakirələrdən sonra onu Fransaya tək göndərirlər.

Droqbanın əmisi Mişel Qoba

Fransaya yerləşdikdən sonra Droqbanın ailəsi ilə onu himayə edən Qoba arasında mübahisə yarandı. Ailəsi Droqbanın təhsilinə köklənməsini və futboldan uzaqlaşmasını istədiyi halda, əmisi Qoba, onun peşəkar futbolçu kimi böyüməsinin tərəfdarı idi. Nəhayət, qərara alındı və o, təhsilini davam etdirməklə yanaşı, uşaq futbol komandasında qeydiyyatdan keçdi.

Hələ yaşı azdır, böyüyəcək, dünya onun necə futbolçu olduğunu görəcək

Fransadakı ilk günləri haqqında danışan Droqba, “Fransadakı ilk günlərimi xatırlayıram. Hər gün ağlayırdım, amma Fransada olduğum üçün deyil, ailəmdən uzaqda olduğum üçün. Onlar üçün çox darıxırdım” deyir.

Üç il sonra ailəsini görmək üçün Fil Dişi Sahilinə qayıdan Droqba, bu dəfə daha acınacaqlı vəziyyətin şahidi olur. Ölkə iqtisadi eniş yaşayırdı və ailəsinin onun təhsili üçün pul ödəməyə gücü çatmırdı. Bu vəziyyət Droqbanın təhsilini yarımçıq dayandırması ilə nəticələndi. Bundan sonra o, 11 yaşına kimi, dostlarıyla məşq etmək üçün futbol meydanlarına gedirdi. Bir müddət sonra artıq onun ailəsi işini də itirir. Bu vəziyyətdə Fransadan doğma ölkəsinə qayıtmağın peşmanlığını yaşayan Droqba, yenidən əmisi Qobaya müraciət edir. Əmisi sayəsində ikinci dəfə Fransaya qayıdan Didye, bu dəfə elə onun tərəfindən məktəbə yazdırılır. O, bir tərəfdən təhsilini davam etdirir, digər yandan futbolla məşğul olurdu.

6 yaşlı Droqba futbol akademiyasında

1993-cü ildə əmisi onun “Levallois” klubunda oynamasında vasitəçilik etdi. Təhsilini yekunlaşdırmamış peşəkar futbolla məşğul olmaq istəməyən Droqba, 21 yaşında mühasib dərəcəsini alır. Və bundan sonra tam olaraq futbola köklənməyə qərar verir. 2002-ci ildə “Genqam”a transfer olunan afrikalı gənc, klubun əsas liqada qalmasında böyük pay sahibi olur. 2003-2004-cü il mövsümünü “Marsel”də keçirən Droqba, Avropanın böyük klublarının diqqətini çəkir. Bunun nəticəsidir ki, o, 2004-cü ildə “Çelsi”yə transfer olunur.

14 yaşlı Droqbanın futbolçu kimliyi

2002-ci ildən Fil Dişi Sahili millisinin şərəfini qorumağa başlayan futbolçu, bütün Afrika tərəfindən sevilir, 2006 və 2009-cu illərdə “qara qitə”də ilin futbolçusu seçilir.

Droqba və “Çelsi”nin sahibi Roman Abramoviç

Droqba artıq futbol oynamır, karyerasını başa vurub. O, idmanın şahı olan futbola adını qızıl hərflərlə yazdırmağı bacaran futbolçulardan oldu. Onun həyat hekayəsi bu idman növünə könlünü verən yüzlərlə, minlərlə kasıb ailələrin uşaqlarına stimul ola bilər.

Aygül Qarayeva

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button