“Formalaşacaq yeni komanda “Real”ın yeni bir versiyası olacaq” – Modriç

Geridə qalan mövsümdə “Real”ın heyətində göstərdiyi oyuna görə tənqid olunan Luka Modriç karyerası ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi, “kral klubu”nun növbəti mövsümdə daha yaxşı çıxış edəcəyini deyib:

“Real”ın böyük futbolçularından biriyəm və bu da mənim üzərimə daha çox məsuliyyət yükləyir, amma bu, xoşuma gəlir. Növbəti mövsüm komanda olaraq daha yaxşı olacağımıza əminəm. Keçən mövsümü yaxşı keçirmədik, amma indi böyük futbolçuların “Real”a gələcəyinə inanıram. Hazırda ehtiyacımız olan budur. Formalaşacaq yeni komanda “Real”ın yeni bir versiyası olacaq. Düşünürəm ki, növbəti mövsüm bütün kuboklar üçün mübarizə aparacağıq”.

33 yaşlı futbolçu, Madrid təmsilçisinin heyətində göstərdiyi oyunu da dəyərləndirib:

“Karyeramı bitirəcəyimlə bağlı bir fikrim yoxdur. Hazırda özümü yaxşı hiss edirəm, amma keçən mövsümün yaxşı olmadığını da deyə bilərəm. “Real”da istənilən səviyyədə oynaya bilmək üçün lazım olan gücə sahibəm. Növbəti mövsümü səbirsizliklə gözləyirəm”.

Son mövsümdə “Real”ın heyətində iştirak etdiyi 46 oyunda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalan Modriçin klubla müqaviləsi 2020-ci ildə başa çatır.